4 Aralık 2023 Pazartesi

Jurnalistlərin həbsinin əsl səbəbləri

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli də Medianews.az-a açıqlamasında jurnalistlərin həbsini çox üzücü bir hal kimi qiymətləndirib və bu həbslərin elan olunan səbəblərinin cəmiyyətə inandırıcı gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, jurnalistlərə yönəlik həbslər baş verdiyi zaman hər kəs bilir ki, ilk növbədə onlar cəmiyyətin diqqət mərkəzinə düşdükləri üçün, peşə fəaliyyətləri ilə əlaqədar belə münasibətlə qarşılaşırlar: “Abzas Media”nın təqib olunması arasında onların araşdırma istiqamətində xeyli materiallar hazırlamalarıdır. Bunu həmin jurnalistlərin özləri də iddia edirdilər. Böyük ehtimalla bu, gerçəkdir. Çünki Azərbaycan qanunvericiliyinə görə, hər bir kəs bəyan etmədən ölkəyə on min dollara qədər vəsait gətirə bilər. “Abzas Media”dan dörd nəfəri həbs ediblər və bu media qurumunun ofisindən də toplam 40 min pul götürüblər. O məbləği dörd nəfər arasında bölsək, görərik ki, əslində hər bir adama qanunla icazə verilən məbləğ düşür. Digər tərəfdən, bunu gömrük orqanları aşkar etməyib. Bu faktın özü də məsələnin ciddiliyini şübhə altına alır. Əgər söhbət qaçaqmalçılıqdan gedirsə, mahiyyət etibarilə ilk növbədə bunu gömrük orqanları sübut etməliydi. Daha doğrusu, həmin vətəndaşlar gömrük nəzarətindən keçərkən suç üstündə, yəni fakt üzrə yaxalanmalıydılar. Amma baş verən hadisə onu sübut edir ki, bütün bunlar kifayət qədər qurama, sonradan təşkil olunmuş bir işdir. Ona görə də bu məsələ çox ciddi şəkildə jurnalistin peşə fəaliyyətinə yönəlik məhdudlaşdırılma kimi qiymətləndirilə bilər”. Media eksperti Ə.Məmmədli jurnalist Əziz Orucovun həbs olunma səbəbinə də diqqət çəkib. Bildirib ki, “Kanal 13” Azərbaycanın ilk internet televiziyalarından biridir və informasiya resursu olaraq onun “YouTube” üzərində 1 milyon 600 mindən çox abunəçisi var. Ekspertin qənaətincə, internet üzərindən belə bir böyük resursu olan televiziyanın rəhbəri uydurma ittihamla həbs olunursa, deməli məsələnin kökündə qanunsuz ev tikmək dayanmır: “Biz bilirik ki, Azərbaycanda 500 mindən çox qanunsuz tikililər, evlər var. Bu gerçəklik rəsmi şəkildə də qəbul olunb. Həmin qanunsuz tikililərin legetimləşdirilməsi istiqamətində müvafiq addımların atılması üçün rəsmi qərarlar da mövcuddur. Əgər “Kanal 13”ün rəhbərinin əməli cinayətdirsə, o zaman 500 mindən çox qanunsuz tikilinin sakinləri də həbs olunmalıdır. Hər qanunsuz tikilinin ən azı bir nəfərə mənsub olduğunu nəzərə alsaq, bu, 500 mindən çox insanın, ümumilikdə isə ölkə əhalisinin beş faizinin həbs olunması deməkdir. Bu aspektdən yanaşsaq, Əziz Orucovun həbsi ciddi suallar doğurur. Nəyə görə 500 mindən çox insanın içində məhz “Kanal 13”ün rəhbəri seçilib, həbsə atılıb? Bütün bunlar Əziz Orucovun həbsinin onun peşə fəaliyyəti ilə əlaqədar olmasına dair qənaət formalaşdırır. Onun həbsindən sonra kanalın internet üzərindəki resursuna müdaxilə olundu, oradan bir neçə video silindi. Bunun ardınca “Kanal 13” əməkdaşları önləyici tədbirlər gördü və təhlükəsizlik tədbirləri gücləndirildi”. Ə.Məmmədli qeyd edib ki, Ə.Orucovun həbsinə etiraz edən, bu hadisəni ictimai müzakirəyə çıxaran şəxslərdən biri də internet televiziyanın aparıcısı Rüfət Muradlı olub. Ekspertin fikrincə, R.Muradlının bu addımlarına cavab olaraq, o da süni ittihamlarla həbs olunub: “Bu faktın özü də sübut edir ki, kimlərisə jurnalistlərin fəaliyyəti narahat edir. Rüfət Muradlı mədəni insandır, işinin peşəkarı olan jurnalistdir, ali təhsilli hüquqşünasdır. İndiyə qədər kimsə onun kobud, qaba hərəkətini müşahidə etməyib. Dostları ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin heykəlini ziyarət edib qayıtdıqdan sonra o, guya polisin qanuni tələbinə əməl etməyib və bu əsasda həbs olunub. Ən ciddi problemlərdən biri də budur ki, həmin inzibati sanksiyaya görə 200 manat cərimə də var. İstisna hallarda, müvafiq qanunun pozulma dərəcəsi nəzərə alınaraq bir aya qədər həbs cəzası tətbiq oluna bilər. Hökm çıxaran hakim və “əmrləri pozulan” polislər belə hesab ediblər ki, Rüfət Muradlı kimi ziyalı, partiya sədrinin müavini, jurnalist, aparıcı əgər hər hansı qaydanı pozubsa, residivist kimi qanunun yol verdiyi ən ağır cəza ilə cəzalandırılmalıdır. Bu da açıq şəkildə göstərir ki, burada qərəz var. Baş verən həbslərin heç biri ölkədə media və ifadə azadlığına xidmət etmir, əksinə, ölkənin beynəlxalq imicinə ciddi xələl gətirir”. Hüquqşünas Ə.Məmmədli söyləyib ki, Azərbaycan həm öz Konstitusiyası, həm də qoşulduğu beynəlxalq insan hüquqları konvensiyası ilə birmənalı olaraq media, ifadə azadlıqlarının toxunulmaz olduğunu, eyni zamanda məhdudlaşdırılmayacağını qəbul edib. Onun sözlərinə görə, buna müdaxilə yalnız legitim şərtlərdə mümkündür: “İndi baş verənlərin heç biri legitim səbəb deyil, hüquqi baxımdan əsaslandırılması qeyri-mümkündür. Baş verənlərin heç biri demokratik cəmiyyətdə zərurilik daşımır. Jurnalistin işi tənqid etmək, yanlışları göstərmək olmalıdır. Jurnalist sadəcə tərif deyəndə jurnalist olmur, əksinə, cəmiyyəti bilgiləndirəndə, dövlətin və idarəetmə strukturlarının fəaliyyətinə nəzarət həyata keçirəndə jurnalist olur. Ola bilər ki, cəmiyyəti bilgiləndirmək, ictimai nəzarət həyata keçirmək kimlərisə narahat etsin, amma bu, jurnalistikanın tələbidir, jurnalistin işidir. Əgər jurnalist nəyisə yalan deyirsə, dezinformasiya yayırsa, buyurun verin məhkəməyə, onun yalanını sübut edin, buna görə də tədbir görün. Lakin qaçaqmalçılıq, qanunsuz ev tikmək, polisi söymək kimi gülünc iddialarla jurnalistin fəaliyyətini dayandırmaq doğru yanaşma deyil və bu ittihamlar heç kimə, hətta bunu irəli sürənlərə də inandırıcı gəlmir. Cəmiyyətdə kimsəni buna inandırmaq mümkün deyil. Mən təəssüf edirəm ki, Azərbaycanda bu baş verir. Fikrimcə ən qısa müddətdə bu yanlış yoldan geri dönüləcək, adları çəkilən şəxslər azad olunacaqlar. Çünki zəruriliyi, legitim əsası olmayan müdaxilələrə yol verənlərin Azərbaycanın milli maraqlarına xidmət etmədiyi ortadadır. Belə şəxslərin məsuliyyətə cəlb olunması yaxşı hal olardı”. https://medianews.az/2023/12/04/jurnalistl%C9%99rin-h%C9%99bsinin-%C9%99sl-s%C9%99b%C9%99bl%C9%99ri-arasdirma-fotolar